Subscribe Us

header ads

Shah İsmayıl Xetayi (Azerbaycan Türkçesiyle)

Şah İsmayıl Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi (d. 17 iyul 1487, Ərdəbil – ö. 23 may 1524, Ərdəbil) və ya I İsmayıl Səfəvi (ingiliscə: Shah Ismail I) – Mənşəcə Azərbaycan türklərindən olan görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləqəbi altında yazan tanınmış Azərbaycan şairi.Şah İsmayıl tarixdə ilk dəfə Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə yüksəltmişdir.
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan türk[1][2] ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi.
Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları – Sultanəli və İbrahim ilə birlikdə İstəxr qalasında (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, 1495-ci ildə Şeyx Sultanəlinin üzərinə qoşun göndərib (Şəməsi döyüşü) onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün varisi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.
Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.
13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum edir və müqavimətsiz Şamaxı daxil olur. Daha sonra Gülüstan qalası yaxınlığında Cabanı adlı yerdə döyüşdə (cabanı döyüşü) Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü.
Şah İsmayılın yaratdığı Səfəvilər dövlətinin ərazisi
Bundan sonra şah İsmayıl ona böyük sərkərdə kimi şöhrət gətirən bir çox parlaq qələbələr qazanır, lakin Cabanı yaxınlığındakı qələbəsi gənc sərkərdənin tərcümeyi-halında onun həm siyasi, həm də dini baxımdan özünü təsdiq etməsi üçün ən vacib və ən əhəmiyyətli döyüşü kimi yazılmışdır. Həmin dövrün Azərbaycan miniatürlərində məhz bu döyüşün tez-tez təsvir olunması da təsadüfi deyildir.
İsmayıl kiçik bir dəstəsini Gülüstan qalasının mühasirəsi üçün saxlayaraq, Bakıya yollanır və buranı aldıqdan sonra yenə geri, həmin dəstənin yanına qayıdır. Burada xəbər tutur ki, Ağqoyunlu hökmdarı Əlvənd Mirzə Ağqoyunlu onun üzərinə hücuma hazırlaşır. İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: “Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa “Gülüstan” qalasını?” Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.

Şirvanşahların xəzinəsi də daxil olmaqla böyük bir qənimət qazanmış İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Əlvənd Mirzənin 30 minlik ordusu ilə döyüşə girən (Şərur döyüşü) İsmayıl 7 minlik qoşunu ilə onu darmadağın edir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.
İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.
1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də (Həmədan döyüşü)qızılbaşların qələbəsi ilə nəticələndi. Ağqoyunlu dövləti süqut etdi.
Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir. Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi məktubda yazmışdı: “Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm.” Şah İsmayıl bunun cavabında ləngimədən öz qoşunlarını Xorasana yeridir. Düşmən Mərv qalasında gizlənir. Lakin İsmayıl aldadıcı manevr edərək, Şeybani xanı qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasında döyüş ( Mərv döyüşü) başlanır. Bütün gün ərzində davam edən ağır döyüş şah İsmayılın tam qələbəsi ilə başa çatır. Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri onu qətlə yetirirlər. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər.Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.
1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə(Çaldıran döyüşü) qızılbaşlar məğlubiyyətə uğradılar.
Bu döyüşdə osmanlılar sayca çox idilər. Bundan başqa onların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan Əli bəy Məlküq oğlunu məğlub edir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı Əli bəyin sinəsinə qədər işləyir. Döyüşün qızqın çağında İsmayıl azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Osmanlılar ona tərəf cumanda zahirən şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: “Şah mənəm”, deyə qışqırmaqla onların diqqətini yayındırır. Həmin vaxt ərzində İsmayıl atına qalxaraq döyüşə davam edir. Üç gün davam eləyən gərgin döyüş osmanlıların qələbəsi ilə nəticələnir. Yaralı Şah İsmayılı təqib edən I Sultan Səlim yol boyu Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, altıca gündən sonra şah İsmayılın tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, şəhəri tərk edir.
Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.
Sultan I Səlimin əlinə keçmiş əsirlər arasında şah İsmayılın döyüş paltarı geymiş arvadları Bəhruzə xanım və Taclı xanım da vardı. Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı. Azərbaycan qadınlarının vətənpərvərlik və igidliyindən heyran olmuş Sultan Səlim onların döyüşçüyə xas ehtiramla basdırılması üçün əmr vermişdi. 1515-ci ildə Osmanlı imperiyası ilə sülh bağlanır. Şərtə görə, Şərqi Anadolu həmişəlik Osmanlıya verilir.
Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur.
Lakin bu toydan sonra Xətai çox yaşamır.O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.
Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi kompleksində dəfn edirlər.
Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi»
Şah İsmayıl şəxsiyyəti
Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər.
Şah İsmayıl Xətai
Venesiyadan olan bir tacir yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: “İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əskərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq.”
Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı. Şeirlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.

Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.
Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.
Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.
O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.
Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.
Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.
Həyatının ilk anlarından daima təhlükədə olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.
Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına ala bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu əhalisi, xüsusilə Ərzican, Sivas (Ustaclı eli), Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan I Səlimə verilən bir diləkçədə “Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü.” deyiləcəkdi.
Şah İsmayılın dəbilqəsi
Xoca Sadəddin, bu köçü Ol taifenin kalanı dahi terk-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip cümlesi çıkup gitmek istediler. deyə izzah edir.
Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı.
Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil.” deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.
Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü idi. 1500-ci ildə Tərcan-Sarıqayasında bir mağarada yaşayan və insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.
Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarıc göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmən qılıncdır, vuran əl isə həmənki olmayıb.