Subscribe Us

header ads

Quba Məzarlığı

1918-ci ilin mart, aprelində erməni (hay)-bolşevik birləşmələri 50 min Azərbaycan əhalisini öz yurd-yuvasında qətlə yetirmişdi.
Quba məzarlığı açdı tarixi,
Dünyaya bir dəhşət saçdı tarixi.

***



Çəkilmir üstündən ağrı-acılar,
Göylərin bağrına fəryad sancılar,
Ruhlar fəğan edir burda didərgin,
Ağrılar içində zamanlar gərgin.
Sünbültək biçilib qəfil insanlar,
Qan gürşada dönüb yağıb leysanlar!
Erməni-bolşevik quldur dəstəsi,
Əllərində tüfəng, xəncər tiyəsi,
Batırıb qanlara şəhəri, kəndi,
Baş tutub bir zaman hiyləgər fəndi.
Evlərdən insanlar tökülüb çölə,
Qanlar suya dönüb, çevrilib gölə.
Uşaqlar, qocalar, qadınlar nalan,
Neçə yurd-yuvalar, məscidlər talan!
Hönkürən, qışqıran insan harayı,
Çox küncdə-bucaqda güldürdü vayı!
Can götürüb qaçan sağ qaldı o vaxt,
Hər kəsin üzünə gülmədi heç baxt…
Göylər də ağladı Quba yasına,
Fələk yaş axıtdı yerin tasına.
Öz doğma evində qırıldı millət,
Yuvalar içində şah oldu illət.
Burda fərq qoymadı düşmən heç kimə,
Müsəlman tamamən ölməli, demə.
Türk, ləzgi, yəhudi, dağlı qırıldı,
Qanlardan səmanın bağrı yarıldı.
Hamı Allah deyib, göyə əl açdı,
Əzrayıl özü də zülümdən qaçdı.
Onun roluna girmiş qansızlar,
İnsan öldürməkdə birmiş qansızlar.
Qanların içində üzdü məmləkət,
Qanlardan donunu geydi fəlakət!
Qadınlar saçından asıldı o gün,
Körpələr quyuya basıldı o gün.
Qocalar Quranla məscidə qaçdı,
Diz çöküb əllərin göylərə açdı.
Allahın evinə doldu insanlar,
Allahla təmasda oldu insanlar.
Düşmənlər məscidə kibriti vurdu,
Qapını bağlayıb, ağzında durdu.
Yandı qadın, uşaq orda günahsız,
Yağını bəsləyən, doğan Allahsız!
O günlər Şamaxı, Bakı qırıldı,
Siyəzən, Dəvəçi aha sarıldı.
Xaçmazda el-oba qana boyandı,
Çocuqlar, körpələr beşikdə yandı!
Bunları unutmaq olmaz, ey millət,
Unutsaq yenə də doğacaq zillət!
İrəvan, Zəngəzur, Borçalı, Dərbənd,
Təbriz, Xan Qarabağ zəncirlərlə bənd,
Gəlin bu dərdlərə edəyin peyvənd!
Türk yurdu – şəhidlər məzarı olur,
Baxın, Ana-Vətən saçını yolur.

***

Quba məzarlığı açdı tarixi,
Dünyaya bir dəhşət saçdı tarixi.

***

Sümüklər sızlayır şivən içində…
Millətə bir haray, güvən içində!..
Ruhlar ah-fəğanla dolaşır burda,
Öz qara bəxtiylə ulaşır burda.
Körpə, qoca, uşaq, qadın kəlləsi,
Gahdan qulaqlara gəlir ah səsi.
Quyular açılıb sirr üzə çıxıb,
Düşmənin etdiyi kir üzə çıxıb.
Lənətin o yana yolu da yoxdu,
Vətəndə bu tipli quyular çoxdu…
Nə qədər hələ də yer altındadır,
Gözəl Azərbaycan şər altındadır.
Şərin quyruğunu kəsməsək, olmaz,
Vətənin üstündə əsməsək, olmaz.
Yuvanı qorusan yurduna dönər,
Yurdunu bəsləsən ORDUNA dönər…

***

Yenə zaman ötüb günlər keçəcək,
Barış şərbətini yağı içəcək…
Ancaq Soyqırımlar ürəyimizdə,
Vicdandan boylanan diləyimizdə.
Susub bu qanlarla oturmaq olmaz,
Sandıqlar içinə yatırtmaq olmaz.
Olmamış soyqırım bəsləyir Haylar,
Haqqı vicdanından həsləyir Haylar.
Türklərə edilən bu Soyqırımı,
Bilib, tanımalı dünyada hamı.
Haqqı qəfəslərə salanlar bilsin,
Məkiri, hiyləsi kalanlar bilsin,
Düzlüyü yoluna qaytarmaq gərək,
Düzlüklə vurmalı cahanda ürək,
Onda nahaq qanlar tökülməyəcək,
Heç bir insan könlü sökülməyəcək.

***

Quba məzarlığı açdı tarixi,
Dünyaya bir dəhşət saçdı tarixi!..
23.04.2012
Şirinxanım Kərimbəyli Şadiman